SİYASƏT
AZƏRBAYCAN İLƏ AVROPA İTTİFAQI ARASINDA ENERJİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞIN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 15 sentyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 15-də Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Andris Piebalqs ilə görüşmüşdür.
XİN-in mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə Aİ arasında enerji sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, həmçinin regional enerji layihələri barədə fikir mübadiləsi aparılmışdır.
Nazir E.Məmmədyarov Azərbaycanın enerji layihələrinin dünya bazarlarını əlavə enerji ehtiyatları ilə təchiz etməyə yönəldiyini, onların enerji daşıyıcılarının təchizatının şaxələndirilməsinə xidmət etdiyini vurğulamışdır.
A.Piebalqs Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əhəmiyyətli rolunu vurğulamış, Aİ-nin ölkəmizlə bu sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmişdir.
Görüşdə Azərbaycan ilə Aİ arasında birgə maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.