SİYASƏT
AZƏRBAYCAN İLƏ AVROPA İTTİFAQI ARASINDA VİZA MƏSƏLƏLƏRİNƏ DAİR SEMİNAR KEÇİRİLMİŞDİR
Bakı, 18 iyun (AZƏRTAC). Avropa İttifaqı Azərbaycanın Xarici İşlər Nazirliyi ilə birgə iyunun 17-18-də Bakıda mobillik və viza məsələlərinə dair seminar keçirmişdir.
Avropa İttifaqının Bakıdakı nümayəndəliyindən bildirmişlər ki, seminar “Şərq tərəfdaşlığı” proqramının Azərbaycanda icra olunması kontekstində təşkil edilmişdir.
Mobilliyin yaxşı idarə olunması və təhlükəsizlik baxımından lazımi şəraiti təmin etmək arzusunda olan tərəfdaş ölkələrin vətəndaşları üçün Avropa İttifaqı mobilliyi artırmağı təklif etməyə hazırdır. Bu məsələdə Azərbaycan ilə qurduğumuz dialoq çox təşviqedicidir.
Bu sözləri Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Roland Kobia seminarın açılışında demişdir.
Seminar zamanı Azərbaycanın müvafiq nazirlik və qurumlarının nümayəndələri Avropa Komissiyasının rəsmiləri və ekspertləri ilə mobillik məsələlərinə dair fikir mübadiləsi aparmışlar.
Seminarda viza siyasəti, viza rejiminin yüngülləşdirilməsi, Avropa İttifaqının miqrasiyaya qlobal yanaşması, sənəd təhlükəsizliyi və sığınacaq məsələləri müzakirə olunmuşdur.