SİYASƏT
Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılmışdır
Bakı, 23 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə noyabrın 23-də Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında iştirak edən Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi Katibliyinin katibi, Çin Xalq Siyasi Məsləhət Şurasının Ümumçin Komitəsinin sədr müavini Du Qinglinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Baş nazir İCAPP-ın VII Baş Assambleyasının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd etmiş, Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulamışdır. Ölkələrimiz arasında istər siyasi, istərsə də iqtisadi baxımdan münasibətlərin inkişaf etdiyini deyən Baş nazir, Azərbaycan-Çin Hökumətlərarası Birgə İqtisadi Komissiyasının işini yüksək dəyərləndirmiş, yeni layihələrdə birgə iştirakın önəmini diqqət çatdırmışdır.
Baş nazir Artur Rasizadə 20 ildən bəri davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsinin bölgənin inkişafına mane olduğunu demişdir. Münaqişənin nizamlanmasında Azərbaycan rəhbərliyinin mövqeyi, Ermənistan tərəfinin qeyri-konstruktivliyi haqqında qonaqlara məlumat verən Baş nazir ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsində dəyişməz mövqeyinə görə ÇXR rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Du Qingli səmimi qəbul üçün təşəkkür etmiş, Çin ilə Azərbaycanı ənənəvi tarixi dostluq münasibətlərinin birləşdirdiyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.