ELM VƏ TƏHSİL
Azərbaycan ilə İsrail arasında elmi əməkdaşlıq əlaqələri genişlənir
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ilə görüşüb.
AMEA Rəyasət Heyətindən AZƏRTAC-a bildirilib ki, görüşdə akademik A.Əlizadə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərinin uzun illərdir mövcud olduğunu qeyd edib. Elmin müvafiq sahələrində də əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Yaxın vaxtlarda İsrailə səfər edəcəyini söyləyən akademik elmlə təhsilin inteqrasiyası istiqamətində bu ölkənin təcrübəsini öyrənmək arzusunda olduğunu söyləyib. Qeyd edib ki, İsrail elmi çox yüksək nailiyyətlər əldə edir. Ölkə elm, təhsil və innovativ texnologiyaların inkişafı istiqamətində böyük təcrübəyə malikdir. A.Əlizadə AMEA-nın İsrailin elm və təhsil müəssisəsələri ilə birgə fizika, geofizika, yer elmləri, tibb və aqrar sahələrdə birgə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
İsraildə 70 mindən çox azərbaycanlının yaşadığını qeyd edən səfir R.Harpaz AMEA prezidentinin İsrailə səfərinin daha səmərəli təşkili məqsədilə İsrail elminin təbliği və tarixi abidələrinin tanıdılmasına dair xüsusi proqramın tərtib olunacağını bildirib. Diplomat AMEA ilə İsrailin Təbiət və Humanitar Elmlər Akademiyası arasında əməkdaşlığa dair sazişin imzalanmasının vacibliyini vurğulayıb.
Tədbirdə, həmçinin bu əlaqələrin hər iki ölkədə mühüm elmi nailiyyətlərin əldə olunmasında böyük rol oynayacağı, əməkdaşlıq perspektivlərinin bundan sonra da inkişaf etdiriləcəyi bildirilib.
Qeyd edilib ki, iki ölkə arasında bilik və təcrübə mübadiləsinin aparılması elmi imkanların daha da genişləndirilməsinə zəmin yaradacaq.