İQTİSADİYYAT
Azərbaycan ilə Macarıstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 28 iyun, AZƏRTAC
İyunun 28-də kənd təsərrüfatı naziri Heydər Əsədovun Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Piter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Heydər Əsədov Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, həmçinin cari ilin mayında Macarıstana səfəri çərçivəsində keçirilən görüşlərin aqrar sahədə əlaqələrin daha da inkişafı üçün əhəmiyyətini nəzərə çatdırıb.
Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto ölkələrimiz arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıb və Azərbaycan Prezidenti ilə Macarıstanın Baş naziri arasında imzalanmış müqavilələrin ölkələr arasında aqrar sahədə də əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Piter Siyarto ikitərəfli əməkdaşlıq əlaqələrindən danışarkən, əsasən toxumçuluq sahəsində uğurlu tərəfdaşlığın olduğunu nəzərə alaraq birgə toxum fondunun yaradılması, qoyunçuluq sahəsində əməkdaşlığa dair Macarıstan tərəfindən texniki yardım göstərilməsi, iki ölkənin kənd təsərrüfatı sahəsi üzrə elm və təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və Macarıstandan Azərbaycana iribuynuzlu mal-qaranın idxal edilməsi və qida təhlükəsizliyi sahələrində əməkdaşlığa önəm verildiyini diqqətə çatdırıb.
Macarıstanın xarici işlər və ticarət naziri elm-təhsil sahəsində əlaqələrin daha inkişaf etdirilməsi məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektorunu Macarıstana səfərə dəvət edib.
Sadalanan sahələrdə əməkdaşlığın faydalı olacağını deyən Heydər Əsədov Azərbaycandan Macarıstana kənd təsərrüfatı və ərzaq məhsullarının, o cümlədən meyvə, nar şirələrinin ixracının artırılması üçün müzakirələrin aparılmasını, bu istiqamətdə əməkdaşlığın artıq praktiki müstəviyə keçirilməsini məqsədəuyğun hesab edib.
Piter Siyarto qeyd olunan məsələlər, xüsusilə qida təhlükəsizliyi sahəsində texniki yardım göstərməyə hazır olduğunu və bundan sonra da ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.