İQTİSADİYYAT
Azərbaycan ilə Moldova arasında təcrübə və məlumat mübadiləsi aparılmışdır
Bakı, 20 iyun (AZƏRTAC). Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Moldovada səfərdə olmuşdur.
DSMF-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol” çərçivəsində təcrübə və məlumat mübadiləsi aparmaq məqsədi daşıyan səfər zamanı qurumun nümayəndə heyəti Moldovanın Milli Sosial Sığorta Kassasının sədri Mariya Borta ilə görüşmüşdür.
Aparılan müzakirələr çərçivəsində Moldovanın məcburi dövlət sosial sığorta sistemi, Milli Sosial Sığorta Kassasında daxili auditin inkişafı və vəzifələri, kadrların idarəedilməsi mövzularında təqdimatlar keçirilmişdir. Eyni zamanda, görüşlərdə Azərbaycan Dövlət Sosial Müdafiə Fondu Aparatının kadr və kadr hazırlığı şöbəsinin əməkdaşları tərəfindən insan resursları və onların idarəedilməsi və Azərbaycan Respublikasında “Dövlət qulluğu haqqında” Qanunun tətbiqi və əsas vəzifələri, eləcə də dövlət qulluğuna qəbul və əsas istiqamətlər barədə ətraflı məlumatlar verilmişdir.
Səfər müddətində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Moldovanın Milli Sosial Sığorta Kassasının Belc, Orxey və Botanik yerli idarələrinin iş şəraiti ilə tanış olmuş, qarşılıqlı təcrübə mübadiləsi aparmışlar.