SİYASƏT
Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişaf dinamikası məmnunluq doğurur
Bakı, 5 fevral (AZƏRTAC). Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişaf dinamikası məmnunluq doğurur.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 5-də Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç 2012-ci ildə Azərbaycan-Serbiya əməkdaşlığının yekunları, cari ildə əlaqələrin perspektivləri, eləcə də Serbiyanın Dövlətçilik Gününə həsr edilmiş mətbuat konfransında söyləmişdir.
Azərbaycan və Serbiyanın beynəlxalq miqyasda bir-birini dəstəklədiyini vurğulayan diplomat bildirmişdir ki, əlaqələrimiz bütün sahələrdə sürətlə və dinamik inkişaf edir. Hər iki ölkənin beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü və suverenliyi kimi prinsiplərinin aliliyi məsələsində prinsipial mövqeyi dəyişməz olaraq qalır.
Səfir diqqətə çatdırmışdır ki, hazırda Azərbaycan ilə Serbiya arasında münasibətlərin hüquqi bazasını 21 beynəlxalq saziş təşkil edir. Ötən il bu hüquqi baza iki yeni sənədlə - iqtisadi-texnoloji əməkdaşlığa dair, eləcə də Azərbaycanın Serbiya hökumətinə Liq-Prelina magistralının “11-ci dəhliz” hissəsinin tikintisinə 308 milyon avro məbləğində kreditin ayırması ilə bağlı sazişlərlə zənginləşmişdir. Hazırda hüquq-mühafizə orqanları arasında, elm və texnologiyalar sahəsində əməkdaşlığı nəzərdə tutan layihələr üzərində fəal iş aparılır.
Z.Vayoviç bildirmişdir ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində də artım müşahidə olunur. Ötən il Azərbaycan ilə Serbiya arasında ticarət dövriyyəsinin həcmi 35 milyon ABŞ dolları təşkil etmişdir.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.