SİYASƏT
Azərbaycan ilə Sloveniya arasında informasiya sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilmişdir
Bakı, 16 yanvar (AZƏRTAC). Sloveniya Azərbaycan ilə informasiya sahəsində əlaqələrin inkişafında maraqlıdır.
Bu fikri Sloveniyanın tanınmış incəsənət professoru xanım Vesna Çrnivets yanvarın 16-da Azərbaycan Dövlət Teleqraf Agentliyində (AZƏRTAC-da) baş direktor Aslan Aslanov ilə görüşdə söyləmişdir.
Azərbaycanı sevdiyini, ölkəmizdə rəsmi səfərdə olan Sloveniyanın Baş naziri Yanez Yanşanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində növbəti dəfə Bakıya gəldiyindən məmnunluğunu bildirən xanım Vesna Çrnivets paytaxtımızda müşahidə etdiyi inkişafın onda xoş təəssürat doğurduğunu diqqətə çatdırmışdır.
Görüşdə bir çox layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilmiş, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) üzvləri olan AZƏRTAC ilə Sloveniya Mətbuat Agentliyi (STA) arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılmışdır.