SİYASƏT
Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafına təkan verəcək iki sənəd təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılmışdır
Bakı, 15 noyabr (AZƏRTAC). Noyabrın 15-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma birgə Müəssisəsi”nin fəaliyyətinin nizamlanması haqqında” Protokolun təsdiq olunması barədə” və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq olunması barədə” qanun layihələrinə baxılmışdır.
Komitənin sədri Eldar İbrahimov demişdir ki, cari ilin sentyabrında Qəbələ şəhərində imzalanmış birinci sənəd ölkələrimiz arasında toxumçuluğun, seleksiya işlərinin aparılmasında, yeni sortların yetişdirilməsində mühüm rol oynayacaq, kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəkdir.
Bu ilin iyununda Bakı şəhərində imzalanmış ikinci sənəd isə bitki mühafizəsi sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayacaqdır.
Müzakirələr zamanı deputatlar bildirmişlər ki, hər iki sənəd Azərbaycan xalqının milli maraqlarına, kənd təsərrüfatı, bitki mühafizəsi və s. sahələrdə ikitərəfli münasibətlərin genişlənməsinə xidmət edir.
Sonda hər iki sənəd təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunmuşdur.