İQTİSADİYYAT
Azərbaycan ilə Ukrayna dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edib
Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan və Ukrayna arasında dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr Azərbaycan Respublikasının və Ukraynanın Prezidentlər Şurasının V İclasının Protokolunun və Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyasının 11-ci iclas Protokolunun icrasının təmin edilməsi ilə əlaqədar, Odessa şəhərində Ukraynanın İnfrastruktur Nazirliyinin əməkdaşları ilə işçi görüşü zamanı aparılıb.
İşçi görüşündə hər iki ölkə arasında dəniz nəqliyyatının inkişafı sahəsində ikitərəfli əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti vurğulanaraq, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının fəaliyyət istiqamətləri, vəzifələri və səlahiyyətləri barədə Ukrayna tərəfinə ətraflı məlumat verilib.
Görüşdə dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığın həyata keçirilməsi üçün dövlət bayraq və liman nəzarəti, gəmilərin hərəkətinin idarəetmə xidmətinin fəaliyyəti, dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsində tariflərin tətbiq edilməsi, dəniz hidrotexniki qurğularının qeydiyyatı, dənizdə gəmilərin uzaq məsafədən tanınması və izlənməsi, keyfiyyətə nəzarət sisteminin tətbiqi, fəaliyyət istiqamətlərinə uyğun olaraq elektron xidmətlərin təkmilləşdirilməsi, təsnifat cəmiyyətlərinin fəaliyyətlərinə razılıq verilməsi və onların işinə nəzarət edilməsi, Ukraynada dəniz axtarış xilasetmə koordinasiya fəaliyyəti və hüquqi aspektləri sahəsində müzakirələr aparılıb. Həmçinin təcrübə mübadiləsinin perspektivləri nəzərdən keçirilib.
Görüş dəniz nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi və uğurla davam etdirilməsi üçün qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində, hər iki qurum arasında təcrübə mübadiləsinin aparılması, ikitərəfli işçi qaydada məsləhətləşmələrin davam etdirilməsi və növbəti işçi görüşün Bakı şəhərində həyata keçirilməsinin mümkünlüyü barədə müzakirələrlə yekunlaşıb.