CƏMİYYƏT
Azərbaycan ilə Vyetnam arasında hüquqi sahədə əməkdaşlıq genişlənir
Bakı, 2 iyul, AZƏRTAC
Son illər Azərbaycan-Vyetnam münasibətlərinin uğurlu inkişafı, həmçinin iki ölkə arasında hüquqi əlaqələrin genişlənməsinə təkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin güclü siyasi iradəsi ilə məhkəmə-hüquq sistemində genişmiqyaslı islahatların həyata keçirildiyi və bu sahədə nailiyyətlərin əldə olunduğu nəzərə alınaraq Vyetnam dövlətinin başçısı Çıonq Tan Şanqın sədri olduğu Kommunist Partiyası Siyasi Bürosunda Ədliyyə İslahatları üzrə Komissiya ölkəmizin müsbət təcrübəsi ilə tanış olmaq barədə qərar qəbul edib. Bununla əlaqədar Komissiyanın daimi sədr müavini, nazir xanım Le Thi Thu Ba geniş nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Vyetnam nümayəndə heyəti iyulun 2-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb.
Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Sonra xanım Le Thi Thu Banın və respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun görüşü olub.
Azərbaycan ilə Vyetnam arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd edən F.Məmmədov ulu öndər Heydər Əliyevin bu ölkəyə, Vyetnam xalqının böyük oğlu Ho Şi Minin isə respublikamıza tarixi səfərlərini xatırladıb. Nazir dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin möhkəmlənməsində xüsusi rolunu, müxtəlif sahələr üzrə imzalanmış mühüm sənədlərin qarşılıqlı fəaliyyətin inkişafına böyük təkan verdiyini vurğulayıb.
F.Məmmədov dövlətimizin başçısının rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin inkişafı, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, yeni məhkəmələrin yaradılması, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, infrastrukturun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi barədə məlumat verib, hüquqi əlaqələrin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu bildirib.
Xanım nazir Vyetnam Prezidentinin Azərbaycanın məhkəmə-hüquq sistemindəki nailiyyətləri və müsbət təcrübəsi ilə tanış olmaq barədə tapşırığına əsasən respublikamızda olmağından məmnunluğunu ifadə edərək səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib. O, dərin köklərə malik olan münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Le Thi Thu Ba Azərbaycanın Vyetnamın müstəqilliyi uğrunda mübarizəsi zamanı dəstəyini, habelə hərbi, hüquq və neft sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında yardımını, xüsusilə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. Qonaq səfər zamanı respublikamızın dinamik inkişafının şahidi olduğunu söyləyərək, məhkəmə və ədliyyə sistemində aparılan islahatları təqdir edib, ölkəsinin hüquq sistemindən danışıb.
Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalının ağır nəticələri və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı qonaqların diqqətinə çatdırılıb.
Nümayəndə heyəti nazirlikdə Ədliyyə tarixi muzeyi, habelə Azərbaycan-Vyetnam münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olub. Qonaqlara müasir məhkəmə-hüquq sisteminin fəaliyyətini, həmçinin ölkələrimiz arasında ikitərəfli münasibətlər, habelə Azərbaycan dövləti barədə materiallar və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri əks etdirən xüsusi jurnallar təqdim olunub.
Görüşdə Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov iştirak edib.
Həmin gün vyetnamlı nazirin Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində və Ədliyyə Akademiyasında görüşləri keçirilib.
Səfər çərçivəsində Vyetnam nümayəndə heyətinin, həmçinin bir sıra görüşlər keçirməsi, eləcə də paytaxtda və bölgələrdə birinci instansiya məhkəmələrinin müasir informasiya texnologiyaları ilə təchiz olunmuş binaları, habelə Azərbaycanın brendi olan “ASAN xidmət”in vətəndaş məmnunluğuna yönələn fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.