MƏDƏNİYYƏT
Azərbaycan “İnsan və təbiət” adlı sənədli filmlərin XI beynəlxalq Baykal festivalında iştirak edəcəkdir
Bakı, 6 aprel (AZƏRTAC). Azərbaycan “İnsan və təbiət” adlı sənədli, elmi-populyar və tədris filmlərinin bu il oktyabrın 5-dən 8-dək İrkutskda keçiriləcək XI beynəlxalq Baykal festivalında iştirak edəcəkdir.
Kinobaxışın məqsədi kino vasitəsilə ekoloji şüuru formalaşdırmaqdır.
Festival çərçivəsində müsabiqədənkənar proqramlar təqdim olunacaq, orta və ali məktəblər üçün kinofilmlərin nümayişi təşkil ediləcək, məşhur sənədli film yaradıcılarının ustad dərsləri keçiriləcək, Ekoloji forumda aktual ekoloji problemlər və onların həllində kinonun rolu müzakirə ediləcəkdir.
Festivalda iştirak etmək üçün artıq 38 ərizə daxil olmuşdur. Azərbaycan, Avstraliya, Avstriya, Argentina, Belarus, Almaniya, Yunanıstan, Hindistan, İrlandiya, Niderland, Rusiya, Türkiyə və İsveçrə kinematoqrafçıları müsabiqəyə öz işlərini təqdim etmişlər.
“İnsan və təbiət” elmi-populyar həvəskar filmləri festivalı ilk dəfə 1999-cu ildə İrkutskda keçirilmişdir. Kinofestivalın təşkilatçıları İrkutsk vilayət Kino fondu və “Rusiya Kinematoqrafçıları İttifaqı” Ümumrusiya ictimai təşkilatının İrkutsk vilayət şöbəsidir.