İQTİSADİYYAT
Azərbaycan İpoteka Fondunun istiqrazlarının ilk hissəsinin yerləşdirilməsinə başlanılır
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 27-də Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) AZ2010008681 dövlət qeydiyyat nömrəli, faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək.
Bakı Fond Birjasından AZƏRTAC-a verilən məlumata görə, istiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1000 AZN təşkil edəcək. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.