İQTİSADİYYAT
Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 8-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, emissiyanın həcmi 25 milyon AZN, nominal qiyməti 1000 АZN, hərrac qiyməti 1005.0833 AZN, istiqrazların tədavül müddəti 18 il, faiz dərəcəsi 3 faiz, faiz gəlirinin ödəniş müddəti 180 gündür. Anderrayter "Paşa Kapital" İŞ QSC-dir.
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.