SİYASƏT
AZƏRBAYCAN İSLAM ÖLKƏLƏRİNİN MARAQLARININ QORUNMASI ÜÇÜN TÖHFƏSİNİ VERMƏYƏ HAZIRDIR
Bakı, 18 fevral (AZƏRTAC). Azərbaycan öz tərəfindən bütün İslam ölkələrinin maraqlarının qorunması üçün öz töhfəsini verməyə hazırdır və bundan sonra da öz siyasətində bu prinsipləri rəhbər tutacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev “Bakı - İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ilinin təntənəli açılışı mərasimindəki nitqində keçən ilin mart ayında Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə əlaqədar qətnamənin qəbul edilməsinə səs verən bütün dövlətlərə, o cümlədən İslam ölkələrinə minnətdarlığını bildirmişdir.
Dövlətimizin başçısı demişdir: “Baxmayaraq ki, böyük dövlətlər, bu münaqişə ilə bilavasitə məşğul olan ölkələr qətnamənin qəbul olunmasına problemlər yaratmaq istəmiş və əleyhinə səs vermişlər, bu qətnamə böyük səs çoxluğu ilə qəbul edilmişdir. Qətnaməyə səs verən 39 ölkə arasında əksəriyyət müsəlman ölkələridir. Bunlar İslam həmrəyliyinin, müştərək siyasətimizin real nəticələridir. Azərbaycan da öz tərəfindən bütün İslam ölkələrinin maraqlarının qorunması və həmrəyliyi üçün öz töhfəsini verməyə hazırdır və bundan sonra da öz siyasətində bu prinsipləri rəhbər tutacaqdır”.