İQTİSADİYYAT
AZƏRBAYCAN-İSRAİL İQTİSADİ ƏLAQƏLƏRİNİN GENİŞLƏNDİRİLMƏSİNƏ DAİR MÜZAKİRƏLƏR APARILACAQDIR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Heydər Babayev fevralın 18-22-də İsraildə səfərdə olacaqdır.
H.Babayevin İsrailin xarici işlər naziri xanım Sipi Livni, infrastruktur naziri Binyamin Ben-Elizer və srtateji məsələlər üzrə nazir Liverman ilə görüşlərində ikitərəfli əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaqdır.
Səfər çərçivəsində nazir H.Babayevin Hibri Universitetinin, “Elektroinvestment”, “RAD məlumat və komminikasiyalar”, “Batiman Litvin N.V.”, “ORAD”, “Eylad Aşkelon boru xətti MMC”, “Mənzil-Tikinti Holdinq MMC” şirkətlərinin, eləcə də İsrail Vençur Assosiasiyasının, “Mizrahi” və “Leumi” banklarının, İsrail İxrac və Beynəlxalq Əməkdaşlıq İnstitutunun, “Mekorod” su şirkətinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulmuşdur.
Görüşlərdə ölkələrimizin sahibkarları arasında əlaqələrin genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə, İsrailin müasir texnologiyalarının Azərbaycanda tətbiqi məsələsinə, ticarət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılacaqdır.
Səfər çərçivəsində Azərbaycan və İsrail hökumətləri arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması barədə sazişin imzalanması da gözlənilir.