İQTİSADİYYAT
Azərbaycan məhsulları Fransada keçirilən beynəlxalq yarmarkada nümayiş olunmuşdur
Azərbaycanın Naftalan və Fransanın Leql şəhərləri arasında Qardaşlaşma Sazişi imzalanmışdır
Azərbaycanın Naftalan və Fransanın Leql şəhərləri arasında Qardaşlaşma Sazişi imzalanmışdır
Bakı, 9 iyun (AZƏRTAC). Fransanın Aşağı Normandiya regionunda yerləşən Leql şəhərinin 1001 illiyi münasibətilə təşkil edilmiş 54-cü ənənəvi Beynəlxalq Yarmarkada Azərbaycan məhsulları da nümayiş olunmuşdur.
Yarmarkanın ölkəmiz üçün ayrılmış hissəsində İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə respublikamızın 10 şirkətinin 250-yə yaxın çeşiddə məhsulu, eləcə də ənənəvi çay dəstgahı nümayiş olunmuşdur. Məhsullarımız ziyarətçilər tərəfindən maraqla qarşılanmışdır. Sərgi çərçivəsində AZPROMO ziyarətçilərə fransız dilində təşviqat materialları da paylamışdır.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycanın Naftalan və Fransanın Leql şəhərləri arasında Qardaşlaşma Sazişi imzalanmışdır. Mərasimdə Azərbaycanın dövlət himni səslənmişdir. Üçrəngli bayrağımız artıq Leql Meriyasının qarşısında dalğalanır.
Səfər çərçivəsində AZPROMO-nun nümayəndələri Kann şəhərinin Ticarət və Sənaye Palatasında, Leql şəhər meriyasında, həmçinin Burqundiya əyalətinin Ali Şurasının rəhbəri, Şəblis şəhərinin meri ilə görüşlər keçirmişlər. Görüşlərdə Azərbaycanın iqtisadi inkişafı, biznes və investisiya imkanları ilə bağlı məlumat verilmiş, iş adamları arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilmişdir.