İQTİSADİYYAT
Azərbaycan məhsulları Kaliforniyada böyük maraq doğurmuşdur
Kaliforniya, 21 yanvar (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycanın AZƏRSUN, AZNAR, M-Pro, “Sirab”, “Badamlı” və “Hacı Camalxan” şirkətlərinin məhsulları ilk dəfə qərbi ABŞ-ın ən iri regionunda - Kaliforniya ştatında təqdim edilmişdir. San-Fransisko şəhərində, ixtisaslaşdırılmış ərzaq məhsulları sərgisində Azərbaycan şirkətlərinin iştirakı İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və ölkəmizin Los-Ancelesdəki Baş konsulluğunun dəstəyi sayəsində mümkün olmuşdur. Sərgiyə dünyanın 35 ölkəsindən 1300 istehsalçı qatılmışdır.
Azərbaycanda istehsal edilmiş ərzaq məhsullarının, o cümlədən nar şirələrinin və meyvə cemlərinin keyfiyyəti və çeşidi sərgiyə gələnlərin böyük marağına səbəb olmuşdur. Sərginin təşkilatçıları narşərab və feyxoa məmulatını xüsusi diqqətə layiq yeni məhsulların xüsusi kateqoriyasına aid etmişlər.
Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) İcraçı direktoru Əfqan İsayev ölkəmizlə əməkdaşlığa maraq göstərən tərəflərin nümayəndələri ilə ilkin danışıqlar aparmış, San-Fransisko Ticarət-Sənaye Palatasının prezidenti Stiven Falkla potensial birgə layihələri müzakirə etmişdir. Ə.İsayev keçirdiyi görüşlərdə AİŞ-in fəaliyyətindən danışaraq bildirmişdir ki, qida sənayesinin, biotexnologiyaların və digər istiqamətlərin inkişafı Azərbaycan rəhbərliyinin ölkə iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş məqsədyönlü siyasətinin əsas tərkib hissəsidir.
Şəfəq Akifqızı
AzərtAc-ın xüsusi müxbiri
Kaliforniya
######