ELM VƏ TƏHSİL
Azərbaycan məktəbliləri Estoniyada beynəlxalq yarışda iştirak ediblər
Bakı, 11 iyun, AZƏRTAC
Estoniyada açıq beynəlxalq turnir keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışının çempionu olan Bakı Avropa Liseyinin “Robo Sapiens” komandasının üzvləri Murad Quliyev, Əkbər Ocaqverdiyev, Emil Hacıyev və Ərtoğrul Həsənli bu mötəbər yarışda ölkəmizi təmsil ediblər.
Yarış şagirdlərin elm və texnologiyalara olan marağını artırmaq, onları hazırkı qlobal problemlərin elmi-texniki həllinə öz töhfələrini verməyə həvəsləndirmək məqsədi daşıyıb.
Qeyd edək ki, mayın 12-də “ADA” Universitetində məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışı keçirilib. Yarışda hər birində dörd məktəbli olmaqla 12 komanda dörd kateqoriya - əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı üzrə gücünü sınayıb. Şagirdlər layihələrini üç turda onlara ayrılmış 2,5 dəqiqə ərzində münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Məktəblilər əyləncəli bir mühitdə elmi və texnoloji xarakterli problemləri qaldırıb və onların həlli yollarını araşdırmağa cəhd ediblər.
Qaliblərə medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib komandalara isə kuboklar təqdim olunub.
Danimarkanın “LEGO” qrupu və ABŞ-ın “FIRST” (For Inspiration and Recognition of Science and Technology) təşkilatının ortaq layihəsi olan FLL yarışı 1999-cu ildən bəri hər il təşkil edilir. FLL yarışına dünyanın 80-dən artıq ölkəsindən 250 mindən çox məktəbli cəlb olunur.
Ölkəmizin bir sıra dövlət və özəl ümumtəhsil məktəb şagirdlərinin iştirak etdiyi yarış Təhsil Nazirliyi, ADA Universiteti, “Mars Academy” MMC və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı və “PAŞA Bank”, “Enginet” şirkəti, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin dəstəyi ilə keçirilib.