AZƏRBAYCAN MEMARLAR İTTİFAQININ GENİŞ PLENUMU
Martın 15-də Bakıda Azərbaycan Memarlar İttifaqının paytaxtımızda şəhərsalmanın aktual probleminə həsr edilmiş geniş plenimu keçirilmişdir. Plenumdan məqsəd Bakıda memarlıq və şəhərsalma sahəsində gedən müsbət proseslərə peşəkarlıq baxımından və elmi surətdə əsaslandırılmış qiymət vermək, başlıcası isə, müstəqil dövlətin paytaxtının memarlıq-bədii və şəhərsalma prinsiplərinə müasir tələbləri nəzərə alınmaqla, qarşıdakı illərdə şəhərimizin daha intensiv inkişafı üçün nə kimi işlər görüləcəyi barədə təklifləri dinləmək idi. Respublika Memarlar İttifaqının prezidenti, əməkdar memar İlham Əliyevin plenumda oxunmuş məruzəsi də buna həsr olunmuşdu.
Məruzədə vurğulanır ki, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda Azərbaycan Respublikasının Prezidenti Heydər Əilevin uzaqgörən siyasəti sayəsində coşğun tikinti işləri gedir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra paytaxta ürəkaçan çox işlər görülmüşdür.
Bazar iqtisadiyyatı, mülkiyyət formalarının müxtəlifliyi, planlaşdırma vəzifələrinin həllinə bilavasitə təsir göstərir. Ona görə də yeni baş plan qəbul və təsdiq edilərkən bütün amillər nəzərə alınmalı və bəzi qanunlar, o cümlədən paytaxt şəhəri kimi Bakının statusu haqqında qanun qəbul olunmalıdır. Şəhərsalma kadastrını da işləyib hazırlamaq və qəbul etmək lazımdır.
Məruzədə deyilir ki, yeni baş planda paytaxtımızın incisinin - İcərişəhərin inkişaf problemləri layiqli yer tutmalıdır. Hər şeylə yanaşı, şəhərin perspektiv inkişafının əsas istiqamətlərini müəyyənləşdirən baş plan 20- 25 il üçün nəzərdə tutulmuşdur. Bu da təbiidir, çünki şəhər canlı orqanizmdir.
Memarlar İttifaqı ilə Dövlət Tikinti və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti arasında çox səmərəli əlaqələr yaranmışdır. Onlarla birlikdə Ağa Xan Fondunun islam ölkələrinin memarlığına dair beynəlxalq seminarı, MDB ölkələri Memarlar İttifaqları Beynəlxalq Assosiasiyası Əlaqələndirmə şurasının iclası, Birlik ölkələri paytaxtlarının baş memarlarının görüşü, - Azərbaycan Prezidenti Heydər Əliyev onun iştirakçılarını qəbul etmişdir, - Azərbaycan memarlarının layihələrindən ibarət bir sıra sərgilər və digər tədbirlər keçirilmişdir.
Pleniumda Memarlar İttifaqının birinci vitse-prezidenti Hafiz Əmirxanov, vitse-prezidenti Rasim Əliyev, memarlıq doktoru Afiq Talıbov, memarlıq namizədi Rəna Əfəndizadə, “Bakışəhərlahiyə” İnstitutunun memarı Feyzulla Quliyev, habelə Azərbaycan Memarlıq və İnşaat Universitetinin alimləri çıxış etmişlər.
Natiqlər öz çıxışlarında Azərbaycan Prezidenti Heydər Əliyevin paytaxtımızın inkişafına xüsusi diqqət göstərdiyini vurğulamış və bildirmişlər ki, Bakıda öz fərdi üslubu ilə seçilən bir çox gözəl binalar tikilmişdir. Bu da ölkəmizdə əsl peşəkar, gənc və istedadlı memarların olduğunu göstərir.
Hazırda, demək olar ki, bütün obyektləri öz memarlarımız layihələşdirirlər. Memarlar İttifaqları Beynəlxalq Assosiasiyasının hər il keçirdiyi baxış-müsabiqələrdə qazandıqları mükafatlar onların peşəkarlığına sübutdur.
Plenumun yekunlarına əsasən qətnamə qəbul olunmuşdur. Qətnamədə Bakı şəhərinin yeni baş planının, habelə İcərişəhərin bərpası layihəsinin işlənib hazırlanmasının zəruriliyi xüsusi vurğulanır.
Dövlət tikinti və Arxitektura Komitəsinin sədri Şair Həsənov və Bakı şəhər icra hakimiyyəti başçısının müavini Rauf Pənahov plenumda iştirak etmişlər.