ELM VƏ TƏHSİL
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Türkiyədə təbliğat kampaniyası uğurla yekunlaşıb
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir qrup əməkdaşının bu ali məktəbi tanıtmaq məqsədilə Türkiyədə keçirdiyi görüşlər yekunlaşıb.
AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, İqdırda, Qars və Ağrıda keçirilən görüşlərin davamı olaraq universitetin əməkdaşları Van, Siirt və İstanbulda maraqlı görüşlər keçiriblər.
Vanda Anadolu liseyində təşkil edilən görüşdə Türkiyənin Təhsil Nazirliyinin nümayəndələri də iştirak ediblər. Nazirlik rəsmiləri məzunlara seçim zamanı doğru addım atmağı, universitetlər arasından ən yaxşılarına üstünlük verməyi məsləhət görüblər.
AzMİU-nun əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə universitetin, tarixi, fakültə və ixtisasları, beynəlxalq əlaqələri əcnəbi tələbələrə yaradılan imkanlar, təqaüd qazanmaq imkanları və digər məsələlər barədə məzunlara ətraflı məlumat verib. O, təmsil etdiyi universitetdə Türkiyənin müxtəlif bölgələri ilə yanaşı, Van və Ağrıdan olan tələbələrin üstünlük təşkil etdiyini diqqətə çatdırıb, məzunlara AzMİU-nu seçməyi tövsiyə edib.
Sonra AzMİU-ya həsr olunan tanıtma filmi nümayiş olunub, məzunların sualları cavablandırılıb.
Nümayəndə heyəti Vandan sonra Siirtdə, İstanbulda da görüşlər keçirib. Siirtdə İbrahim Haqqı Anadolu İmam Hatip liseyində keçirilən görüşdə AzMİU-nun əməkdaşları əcnəbilərin universitetə qəbul qaydaları, fakültə və ixtisaslarla bağlı məlumatlar veriblər. İstanbulda xaricdə təhsil şirkətlərinin rəhbərləri ilə təşkil edilən tədbirdə isə növbəti tədris ilində əcnəbi tələbələrin AzMİU-nu seçməsi üçün danışıqlar aparılıb, qarşılıqlı razılıq əldə olunub, onlara universitetlə bağlı buklet və broşürlər paylanılıb.
Görüşlər Azərbaycanın Türkiyədəki konsulluğunun və yerli təhsil qurumlarının dəstəyi ilə reallaşdırılıb.