SİYASƏT
Azərbaycan Mətbuat Şurasında qəzet yayımı işinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılmışdır
Bakı, 10 aprel (AZƏRTAC, Elvira Məmmədova). Aprelin 10-da Azərbaycan Mətbuat Şurasının (MŞ) qəzet yayımındakı vəziyyəti araşdıran komissiyasının təşkilatçılığı ilə “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, KİV rəhbərlərinin və yayım şirkətləri nümayəndələrinin iştirak etdikləri tədbirdə şuranın sədri Əflatun Amaşov tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, “dəyirmi masa”nın məqsədi Bakı şəhərində qəzetlərin yayımı ətrafında müzakirələr aparmaqdır.
Rəhbərlik etdiyi qurumun qəzet yayımı sahəsindəki vəziyyəti daim diqqətdə saxladığını deyən Ə.Amaşov bu məqsədlə ötən ildən başlayaraq mövcud fəaliyyətin ayrıca komissiyanın xətti ilə nəzarətdə saxlanıldığını bildirmişdir. Diqqətə çatdırılmışdır ki, şuranın komissiyası bu məsələ ilə əlaqədar müxtəlif dövlət qurumları ilə yeni köşklərin qoyulması, səyyar satış məsələləri ətrafında danışıqlar aparmışdır. Bir müddət əvvəl səyyar satış tamamilə dayandırılmışdır. Lakin apardığımız müzakirələrdən sonra şəhərin əsas mərkəz hissəsi istisna olmaqla, digər yerlərdə bu iş qaydaya salınmışdır
Qeyd edilmişdir ki, ümumən Mətbuat Şurası mövcud istiqamətdəki təkliflərini müvafiq dövlət sturukturlarına təqdim etmişdir və bununla əlaqədar müzakirələr də davamlı xarakter daşıyır. Qəzet yayımının bilavasitə yayım firmaları tərəfindən aparılmasına paytaxtdakı yeni köşklərdə qəzet yayımını həyata keçirən “Əks-səda” firması kifayət qədər təşəbbüs göstərmişdir. Firmanın rəhbərliyi komissiyanın tövsiyələrinə həssas yanaşmış, monitorinqlərdə yaxından iştirak etmişdir.
Şuranın qəzet yayımını araşdıran komissiyasının rəhbəri, MŞ idarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qurumun bu sahədə gördüyü işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, ötən il Prezidenti İlham Əliyevin KİV nümayəndələri ilə görüşündən sonra qəzet yayımı işinin təkmilləşdirilməsi sahəsində kifayət qədər irəliləyişlər vardır. Bu, ilk növbədə sahəyə sistemli yanaşma nəticəsində mümkün olmuşdur. MŞ 7 nəfərdən ibarət komissiya yaratmış, yerlərdə monitorinqlər keçirilmişdir. Müəyyən olunmuşdur ki, yeni köşklərin qoyulmasına ehtiyac vardır.
“Əks-səda” firmasının rəhbəri Vüqar Həsənli qurumun Bakı şəhərində 150 köşkünün olduğunu, yaxın vaxtlarda daha 60 yeni köşkün də fəaliyyətə başlayacağını diqqətə çatdırmışdır. V.Həsənli köşklərdə satış işinin təşkilində MŞ rəhbərliyinin tövsiyəsinin nəzərə alındığını vurğulamışdır. O, rəhbərlik etdiyi firmanın bir çox aparıcı qəzetlərin redaksiyaları ilə müqavilələr bağlaması barədə də məlumat vermişdir.
“Dəyirmi masa”da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ idarə heyətinin üzvü Vüqar Səfərli, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı və digər KİV-lərin rəhbərləri yeni köşklərin qoyulması prosesinin tezləşdirilməsinin vacibliyini vurğulamış, Bakı şəhərində qəzet yayımı işinin daha da təkmilləşdirilməsi ilə bağlı bir sıra aktual məsələlərə toxunmuşlar.