İQTİSADİYYAT
Azərbaycan MHŞT-yə qoşulduğu 10 il müddətində böyük nailiyyətlər qazanmışdır
Bakı, 27 sentyabr (AZƏRTAC). Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulduğu 10 il müddətində böyük nailiyyətlər qazanmışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə müsahibəsində demişdir.
Ş.Müvsümov qeyd etmişdir ki, Azərbaycanın MHŞT-yə qoşulması haqqında bəyanat 2003-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə London konfransında qəbul olunmuşdur. Çox qısa müddətdə Azərbaycan bu təşəbbüsdə liderlik rolunu almış və ilk hesabatları dərc etməyə başlamışdır. Bununla da hər bir Azərbaycan vətəndaşı dövlətin əldə etdiyi gəlirlər haqqında ətraflı məlumatlara yiyələnmişdir.
İcraçı direktor bildirmişdir ki, ötən 10 il müddətində ölkəmizin MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən təşəbbüsün tamhüquqlu üzvü statusu təsdiq edilmişdir. Bütün bu uğurların nəticəsində “2009-cu il MHŞT mükafatı” məhz Azərbaycana təqdim olunmuşdur.