MƏDƏNİYYƏT
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir
Bakı, 12 mart (AZƏRTAC). Beynəlxalq Mətbuat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “İrs” folklor qrupunun təşkilatçılığı ilə keçirilmiş tədbirdə qrupun fəaliyyəti barədə geniş məlumat verilmişdir.
Tədbirdə ulu öndər Heydər Əliyevin qrup üzvləri ilə görüşünü əks etdirən videomaterial nümayiş etdirilmişdir.
Novruz bayramı şənliklərində Kosa obrazını canlandıran qrupun üzvü Qafar Novruzlu ulu öndər Heydər Əliyevin xalqımızın adət-ənənələrinə qayğı ilə yanaşdığını, Novruz şənliklərində Kosa və Keçəl ilə görüşdüyünü, meydan tamaşalarına xüsusilə böyük əhəmiyyət verdiyini söyləmişdir.
Çıxış edənlər Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizdə Novruz bayramının dövlət səviyyəsində qeyd olunduğunu, ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin bu bayramın hər il xüsusi təmtəraqla keçirilməsinə diqqət və qayğı göstərdiyini bildirmişlər.
Vurğulanmışdır ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Bildirilmişdir ki, 2010-cu ildə isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Sonda Kosa və Keçəl qara zurnanın müşayiəti ilə Novruz ayinlərini icra etmişlər.