MƏDƏNİYYƏT
Azərbaycan Milli Kitabxanasının direktoru Minsk şəhərində beynəlxalq konqresdə iştirak edib
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Minsk şəhərində Belarus Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş “Kitabxana bir mədəniyyət fenomeni kimi” IX Beynəlxalq Konqresi keçirilib. Belarus Respublikasının Mədəniyyət Nazirliyi və Belarus Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilən konqres “Kitabxanaların rəqəmsal transformasiyası: davamlılıq və inkişaf vektoru” mövzusunda həsr olunub. Konqresdə ölkəmizi Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov təmsil edib.
Azərbaycan Milli Kitabxanasından AZƏRTAC-a bildirilib ki, konqres zamanı iştirakçılar “Belarus və xarici ölkələrin kitabxanaçılıq tarixi”, “Milli və dünya mədəni irsinin qorunmasında kitabxanaların rolu”, “Kitabxana fondlarının təşkilinə innovativ yanaşmalar”, “Kitabxana və informasiya məkanında elektron resurslar”, “İstifadəçi xidmətində müasir tendensiyalar”, “Kitabxanaların, elm, mədəniyyət və təhsil müəssisələrinin fəaliyyətinin rəqəmsallaşdırılması”, “Kitabxana və açıq elm”, “Kitabxana fəaliyyətinin normativ hüquqi təminatı”, “Dövlət kitabxana siyasətinin həyata keçirilməsində kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq tədqiqatları”, “İnformasiya və nəşriyyat bazarında kitabxanalar”, “Kitabxana sosial-mədəni məkan kimi”, “Kitabxana mütəxəssislərinin peşəkar səriştələri” və “Müasir şəraitdə regional kitabxanalar” kimi mövzular üzərində fikir mübadiləsi aparıblar.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov “Milli və dünya mədəni irsinin qorunmasında kitabxanaların rolu” mövzusunda məruzə ilə çıxış edib.
Konqres çərçivəsində Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XXVI Ümumi Yığıncağı da keçirilib.