İDMAN
Azərbaycan Milli Paralimpiya Komitəsinin iclasında son altı ayda görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur
Sumqayıt, 11 iyul (AZƏRTAC). İyulun 11-də Sumqayıt Paralimpiya İdman Kompleksinin konfrans zalında Azərbaycan Milli Paralimpiya Komitəsinin (ARMPK) iclası keçirilmişdir. İclasda cari ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
AZƏRTAC xəbər verir ki, iclası ARMPK–nın prezidenti İlqar Rəhimov acaraq qeyd etmişdir ki, ölkəmizdə paralimpiya hərəkatının genişləndirilməsi istiqamətində son altı ayda komitə tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Bildirilmişdir ki, hesabat dövrü paralimpiyaçılarımız üçün bir sıra hadisələrlə əlamətdar olmuşdur. Belə ki, nizamnaməyə uyğun olaraq komitənin IV hesabat-seçki konqresi keçirilmiş, idmançılar bir sıra mühüm yarışlarda uğurla iştirak etmişlər. İ.Rəhimov 2016–cı ildə Braziliyada keçiriləcək XV Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi ilə peşəkar idmanın inkişafı, idarəetmənin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulamışdır.
İclasda Azərbaycanda paralimpiya hərəkatının yaranmasından və inkişafından bəhs edən videofilm nümayiş olunmuşdur.
Daha sonra ARMPK–nın birinci vitse-prezidenti Natiq Qasımovun gündəlikdə duran məsələyə - ilin birinci yarısı ərzində görülən işlərə və qarşıda duran vəzifələrə dair məruzəsi dinlənmişdir. Natiq qeyd etmişdir ki, yanvar ayından başlayaraq, altı idman növü üzrə 43 idmançı respublikada, iki idman növündə isə 44 idmançı respublikadan kənarda təlim-məşq toplanışlarına cəlb olunmuşlar. İdmançılarımız bir sıra beynəlxalq yarışlarda uğurla iştirak etmiş, üç qızıl, bir gümüş və bir bürünc medal qazanmışlar. İki idmançımız isə Avropa rekordunu təzələmişdir.
Məruzəçi paralimpiyaçıların ölkənin ictimai həyatında da fəal iştirakından danışaraq qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan Milli Paralimpiya Komitəsi Ulu Öndərin 90 illik yubileyi ilə əlaqədar may ayının ilk günlərindən silsilə tədbirlər həyata keçirməyə başlamışdır. İlk olaraq Ümummilli Liderin ana vətənində, Naxçıvanda “Paralimpiya idman festivalı” keçirilmişdir. Festivala Bakı şəhərindən 80 nəfərlik böyük nümayəndə heyəti qatılmışdır. Onların arasında ikiqat paralimpiya çempionu İlham Zəkiyev, paralimpiya çempionu Oluxan Musayev, dünya və Avropa çempionatlarının digər mükafatçıları da vardı. Naxçıvanda belə bir festivalın keçirilməsi muxtar respublikada paralimpiya hərəkatının genişləndirilməsinə öz müsbət təsirini göstərmiş və yeni idman növləri üzrə komandalar formalaşmağa başlamışdır. Bu sahədə komitə tərəfindən Naxçıvan Paralimpiya federasiyasına lazımı kömək göstərilir.
Natiq Qasımov həyata keçirilən digər tədbirlər barədə də məlumat verərək demişdir: Fiziki qüsurlu idmançı Elşən Rizvanov mayın 6–dan 9–dək 215 kilometr məsafəni əlil arabası ilə qət edərək Qəbələdən Bakıya, Fəxri Xiyabana gəlmiş və ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Növbəti, möhtəşəm tədbir olaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Əlil arabasında idman rəqsi üzrə Beynəlxalq festival” keçirilmişdir. Dənizkənarı Milli Parkda təşkil olunan bu festivalda səkkiz ölkənin 26 idmançı rəqqası öz rəngarəng çıxışları ilə paytaxtımızın sakinlərinə və qonaqlarına xoş anlar bəxş etmişlər.
Məlumat verilmişdir ki, komitənin strateji fəaliyyət planına uyğun olaraq beynəlxalq əlaqələrin genişləndirilməsi, ölkəmizin qış paralimpiya oyunlarında iştirakının təmin edilməsi məqsədi ilə bir neçə ölkənin paralimpiya komitəsi ilə əməkdaşlıq barədə razılığa gəlinmişdir.
İclas ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə Moskva vilayətində 4000 metr hündürlükdən paraşütlə tullanma yarışlarından hazırlanmış videoçarxın nümayişi ilə davam etdirilmişdir. Tədbir iştirakçılarından Vüsalə Kərimova, Dünya Dadaşova, Kamal Məmmədov, Natiq Qasımov yarışla bağlı təəssüratlarını bölüşmüşlər.
Sonra idmançıların mükafatlandırılması mərasimi keçirilmişdir. ARMPK–nın prezidenti İlqar Rəhimov, Milli Məclisin deputatı Rauf Əliyev, ikiqat paralimpiya çempionu, ikiqat dünya çempionu, dördqat Avropa çempionu, Şöhrət ordenli, Heydər Əliyev Fondunun “Qızıl Çinar” mükafatının laureatı İlham Zəkiyev hədiyyələri sahiblərinə təqdim etmişlər.
İclasın sonunda “Edisoff” şirkətinin prezidenti Ruslan Dadaşov Milli Paralimpiya Komitəsinin geniş texniki imkanlara malik yenilənmiş rəsmi saytının təqdim etmişdir.