İDMAN
Azərbaycan millisinin komplektləşdirilməsi məqsədilə futbolçular üçün düşərgə təşkil olunacaqdır
Bakı, 14 may (AZƏRTAC). UEFA İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, 2016-cı ildə ilk dəfə olaraq Azərbaycanda 17 yaşadək oğlanlardan ibarət komandalar arasında futbol üzrə Avropa çempionatı keçiriləcəkdir.
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, bu çempionatda ev sahibi statusu ilə çıxış edəcək Azərbaycan U-17 yığmasının heyətinin formalaşdırılması məqsədilə ilkin hazırlıq olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən yanvarın 25-dən fevralın 10-dək U-14 Kuboku turniri təşkil olunmuş və bu turnirin oyunlarını seleksiyaçı-məşqçilər izləmişlər.
Seleksiya prosesi nəticəsində U-14 Kuboku turnirində iştirak edən komandaların heyətində fərqlənən futbolçular seçilmişdir. Komandanın əhval-ruhiyyəsini yüksəltmək və heyətin komplektləşdirilməsi üçün ilkin addımların atılması məqsədilə AFFA tərəfindən iyulun 5-dək 19-dək seleksiya prosesində seçilmiş futbolçular üçün düşərgə təşkil olunacaqdır.