CƏMİYYƏT
Azərbaycan multikulturalizmi region gəncləri arasında təbliğ edilir
Bakı, 13 iyul, AZƏRTAC
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilən Gəncə şəhərində "Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği" mövzusunda konfrans keçirib.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, konfransda tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva Gəncənin Azərbaycanın ictimai-siyasi, mədəni həyatında oynadığı roldan danışıb. Qeyd edib ki, tarixin müxtəlif dövrlərində Gəncədə ayrı-ayrı etnik qrupların və dinlərin nümayəndələri dinc qonşuluq şəraitində yaşayıb, yadelli işğalçılara qarşı birgə mübarizə aparıblar. G.Fətəliyeva gəncəlilərin multikultural dəyərlərə bu gün də sadiq qaldıqlarını bildirib.
Layihə barədə məlumat verən İctimai Birliyin sədri Çingiz Bayramov Azərbaycanda multikulturalizmin və tolerantlığının təbliği istiqamətində görülən işləri yüksək qiymətləndirib. TUMİB sədri deyib ki, gəncləri yad və radikal sektaların təsirindən qorumaq üçün ideoloji maarifçilik işini gücləndirməyə, o cümlədən, azərbaycançılığın təməllərindən biri olan Azərbaycan multikulturalizmini region gəncləri arasında təbliğ etməyə ehtiyac var. Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi bu ideologiyanın Azərbaycanda dərin tarixi köklərə malik olduğunu göstərir.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli çıxışında ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə diqqəti çəkib. M.Ələsgərli ölkəmizin beynəlxalq aləmə mütərəqqi ideyalar ixrac etdiyini vurğulayıb. O, bunu Azərbaycan xalqının multikultural dəyərlərə bağlılığı ilə izah edib.
TUMİB-in idarə heyətinin üzvü Seymur Verdizadə bildirib ki, Azərbaycan xalqı dədə-babalarımızdan bizə miras qalmış milli mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə həmişə həssas yanaşıb. Hazırda Azərbaycanda mövcud olan birgəyaşayış modeli dünya üçün bir nümunədir. Ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb. Bizim vəzifəmiz bu ənənəyə sadiq qalaraq, Azərbaycanın dinlər və sivilizasiyalararası anlaşmada oynadığı rolu davam etdirməkdir.
Konfransda digər çıxış edənlər vurğulayıblar ki, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılıb. Gənclərin vəzifəsi bu siyasəti inkişaf etdirərək, ölkəmizdəki sağlam mənəvi mühitin qorunmasına töhfə verməkdir.