İQTİSADİYYAT
AZƏRBAYCAN MÜTƏXƏSSİSLƏRİ TEHRANDA BEYNƏLXALQ ENERGETİKA SƏRGİSİNDƏ İŞTİRAK ETMİŞLƏR
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, sərginin gedişində nümayəndə heyətimiz məhsulları Azərbaycanın baş energetika idarəsi üçün maraq doğuran İran şirkətləri ilə bir sıra danışıqlar aparmışdır, o cümlədən “Təvanir” və “Sanir” energetika şirkətlərinin rəhbərləri ilə görüşlər keçirmişdir. Görüşlərdə sistemlərarası əməkdaşlığın genişləndirilməsinə və birgə layihələrin həyata keçirilməsinə yönəldilmiş məsələlər müzakirə olunmuşdur.
Azərbaycanda yeni elektrik xətlərinin çəkilməsi nəzərdə tutulan altı layihənin texniki-iqtisadi əsaslandırılması məsələsi iranlı həmkarların müzakirəsinə verilmişdir. Bu xətlərin çəkilməsi ölkələrimiz arasında enerji mübadiləsini indiki 200 MVt-dən 800 MVt-dək artırmağa imkan verəcəkdir. İran tərəfi bütün layihələri bəyənmiş, təqdim olunan sənədlərin bir ay ərzində ətraflı öyrənilməsi barədə razılaşma əldə edilmişdir.
Görüşlərdə tikintisi ötən ay başa çatdırılan Astara-Astara transazərbaycan elektrik xəttinin texniki istismarı proqramı da müzakirə olunmuşdur. Danışıqlarda İmişli (Azərbaycan) – Parsabad (İran) elektrik xəttinin ikinci növbəsinin tikintisi layihəsi ilə əlaqədar vəziyyət barədə fikir mübadiləsi aparılmışdır.
Danışıqların yekunlarına əsasən “Azərbaycanla İran arasında enerji mübadiləsinin artırılması sahəsində texniki imkanların inkişaf etdirilməsi haqqında” və “Astara (Azərbaycan) – Astara (İran) elektrik xəttinin tikintisinin başa çatdırılması və onun istismar rejimləri haqqında” protokollar imzalanmışdır.