MƏDƏNİYYƏT
Azərbaycan növbəti dəfə beynəlxalq muğam festivalına ev sahibliyi edəcək
Bakı, 30 yanvar, AZƏRTAC
Cari ilin mart ayının 11-dən 18-dək Bakıda “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı keçiriləcək. Bu möhtəşəm festivalın prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Bu dəfə də festivala dünyanın müxtəlif ölkələrindən qonaqlar qatılacaq. Artıq festivalla bağlı proqram hazırlanır, bütün kollektivlərlə iş aparılır.
Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq Artisti, professor Firəngiz Əlizadə deyib.
Xalq artisti bildirib ki, qarşıdakı aylarda rəhbərlik etdiyi təşkilat tərəfindən müxtəlif tədbirlər keçiriləcək. Bu tədbirlər sırasında “Bakı-2015” birinci Avropa Oyunlarının da mühüm yeri var. Biz də bu möhtəşəm yarışın ölkəmizdə yüksək səviyyədə təşkili üçün əlimizdən gələni etməyə hazırıq. Eyni zamanda il ərzində bizi çoxlu sayda yubiley tədbirləri, konsertlər, “dəyirmi masa”lar, müzakirələr gözləyir. Çalışacağıq ki, nəzərdə tutulmuş işləri vaxtında və yüksək səviyyədə yerinə yetirək.