İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının 102-ci sessiyasında iştirak edir
Bakı, 13 iyun (AZƏRTAC). Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) 102-ci sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdədir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, sessiyada müasir dünyada qlobal xarakterli müxtəlif amillərin, o cümlədən demoqrafik və ətraf mühit dəyişikliklərinin əmək münasibətləri və sosial müdafiə sahəsinə yönələn mənfi təsirləri, bu təsirlər fonunda sosial ədalət prinsiplərinin, əmək bazarında sabitliyin qorunub saxlanılması üçün sosial partnyorluq imkanlarının inkişaf etdirilməsi, məcburi uşaq əməyinin bütün formalarının aradan qaldırılması sahəsində əsrin çağırışları müzakirə olunur.
Tədbirdə BƏT-in baş direktorunun müvafiq sahədə mövcud vəziyyətlə bağlı həyata keçirilən sosial siyasət və inzibati şura sədrinin bir il ərzində görülmüş işlər barədə məruzələri, həmçinin yeni demoqrafik vəziyyətdə məşğulluq və sosial müdafiə, davamlı inkişaf və layiqli əmək, sosial dialoqun artan rolu üzrə hesabatları da nəzərdən keçirilir.
Səfər çərçivəsində Füzuli Ələkbərovun BƏT-in baş direktoru Qay Rayder və təşkilatın digər rəhbər şəxsləri, sessiyada iştirak edən bir sıra üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri və sosial tərəfdaşlarla ikitərəfli görüşləri nəzərdə tutulur.