ELM VƏ TƏHSİL
Azərbaycan nümayəndə heyəti Pekində keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak edəcəkdir
Pekin, 21 sentyabr (AZƏRTAC). Sentyabrın 23-dən 27-dək Pekində 64-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcəkdir.
“Bəşəriyyətin faydası üçün kosmosun inkişafının təşviqi” mövzusunda keçiriləcək konqresdə sahə ilə əlaqəsi olan alimlər, dövlət qurumlarının, beynəlxalq təşkilatların, özəl sektorun təmsilçiləri, ümumilikdə 3 mindən çox nümayəndə iştirak edəcəkdir. Tədbir çərçivəsində 180 texniki və 8 ümumi iclasın, habelə mühazirələrin, müzakirələrin və sərginin təşkili nəzərdə tutulmuşdur.
Konqresdə Azərbaycanı Milli Aerokosmik Agentliyinin (MAKA) nümayəndə heyəti təmsil edəcəkdir.
İldə bir dəfə keçirilən Beynəlxalq Astronavtika Konqresi kosmos sahəsini təmsil edən bütün tərəfləri bir yerə toplayan ən vacib tədbir hesab olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin