SİYASƏT
Azərbaycan nümayəndə heyəti Vyanada antikorrupsiyaya dair beynəlxalq tədbirdə iştirak etmişdir
Vyana, 3 dekabr (AZƏRTAC). Azərbaycanın Avstriyadakı səfirliyindən bildirmişlər ki, Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının (BAA) yaradılması haqqında müqavilənin tərəfdarı olan dövlətlərin I Assambleyası keçirilmişdir.
Tədbirdə Azərbaycanı baş prokuror Zakir Qaralovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Avstriyanın federal daxili işlər naziri xanım Yohanna Mikl-Leitner sədrliyi ilə keçirilmiş ilk assambleyada akademiyanın “Prosedur qaydalar”ı qəbul edilmiş, BAA-nın İdarə Heyətinə seçkilər keçirilmişdir.
Tədbirin ilk günü çıxış etmiş Zakir Qaralov Azərbaycanda korrupsiyaya qarşı mübarizənin müsbət təcrübələri və BAA ilə əməkdaşlıq məsələləri barədə danışmışdır.
Azərbaycan nümayəndə heyəti assambleya çərçivəsində keçirilən bir sıra tədbirlərdə də iştirak etmiş, ikitərəfli görüşlər keçirmişdir.
Tədbirdə, həmçinin akademiyanın ilk magistratura proqramının rəsmi təqdimat mərasimi olmuşdur.
BAA 2010-cu ildə təsis olunmuş və Avstriyanın Laksenburq şəhərində yerləşir. Hazırda 68 ölkə akademiyanın üzvdür.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana