SİYASƏT
Azərbaycan ötən ildə böyük uğurlara imza atmışdır
Bakı, 8 yanvar (AZƏRTAC). Yenicə başa çatan ildə Azərbaycan böyük uğurlara imza atmışdır. 2012-ci ildə ölkənin dinamik inkişafı təmin edilmişdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri Mübariz Əhmədoğlunun 2012-ci ildə dünyada və regionda baş vermiş ictimai-siyasi proseslərin təhlilinə dair analitik hesabatında öz əksini tapmışdır.
Bununla bağlı yanvarın 8-də keçirdiyi mətbuat konfransında politoloq qeyd etmişdir ki, hesabat dövründə Azərbaycanın iqtisadiyyatı daha da inkişaf etmiş, hərbi qüdrəti güclənmiş, beynəlxalq əlaqələri möhkəmlənmişdir. Bunun əksinə olaraq Ermənistanın siyasi, sosial-iqtisadi vəziyyəti daha da ağırlaşmışdır. Ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması təcavüzkar ölkədə vəziyyəti daha da çətinləşdirmişdir. Bu ölkədə demoqrafik vəziyyət pisləşmiş, miqrasiya, korrupsiya halları geniş vüsət almış, Ermənistanın beynəlxalq maliyyə təşkilatlarına borcu artmışdır. Dünyadakı erməni diasporu nüfuzunu itirmişdir. Ermənistan bütün beynəlxalq layihələrdən kənarda qalmışdır. Azərbaycan isə bütün parametrlər üzrə Ermənistan ilə müqayisədə qat-qat güclənmişdir.
Münaqişənin nizamlanması ilə bağlı son proseslərə toxunan politoloq məsələnin həlli istiqamətində ölkəmizin mövqeyinin daha da gücləndiyini, Ermənistanın mövqeyinin isə, əksinə, zəiflədiyini demişdir.
M.Əhmədoğlu bildirmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal mövqe nümayiş etdirməlidirlər. Vasitəçilər tərəfindən təcavüzkar ölkə məcbur edilməlidir ki, işğal edilmiş torpaqlardan tezliklə çıxsın.
Diqqətə çatdırılmışdır ki, ötən il münaqişənin həlli istiqamətində Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. NATO və Qoşulmama Hərəkatı başda olmaqla nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sənədlər qəbul edilmiş və burada Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə olunmuşdur. Avropa İttifaqı rəsmiləri isə bəyan etmişlər ki, mövcud status-kvo qəbuledilməzdir və mütləq dəyişməlidir. Çünki Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi regionun inkişafının qarşısını alır.
M.Əhmədoğlu qeyd etmişdir ki, 2012-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi ölkəmizin tarixində əldə edilmiş ən böyük nailiyyətdir. Azərbaycanın dünyanı idarə edən təşkilata rəhbərlik etməsi bütün dünya azərbaycanlıları üçün qürurverici hadisədir.
Vurğulanmışdır ki, ötən il Bakı dünya problemlərinin müzakirə edildiyi mərkəzə çevrilmişdir. Ölkəmizdə çoxsaylı beynəlxalq mötəbər humanitar, iqtisadi, idman, mədəniyyət tədbirlərinin keçirilməsi, o cümlədən idman sahəsində nailiyyətlər, transmilli qaz layihələri üzrə müqavilələrin imzalanması, digər regional layihələrin uğurla icra edilməsi ötən ildə tarixə yazılmış parlaq səhifələrdir. Bu tədbirlərin məhz Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın güclənməsinin bariz göstəricisidir.
Hesabatda dünyada və regionda baş verən mühüm hadisələr, eyni zamanda, Azərbaycanın Türkiyə, Gürcüstan, Belarus, Böyük Britaniya, Ukrayna, ABŞ, İran, Rusiya, Fransa və Latın Amerikası ölkələri ilə münasibətləri də təhlil olunmuşdur.