REGİONLAR
Azərbaycan polisi hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur
Tərtər, 2 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir, hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
AZƏRTAC xəbər verir ki, bu fikir Tərtər rayonunda polis işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə səsləndirilib. Rayonun polis işçiləri ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov çıxış edərək, tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik edib, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. E.Qasımov Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salıb, daxili işlər orqanlarına ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğı göstərildiyini, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov polis işçilərini əlamətdar gün münasibətilə təbrik edib, respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, müstəqil dövlətçiliyimizin qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan polisi bir əsrdən artıq şərəfli tarixi yol keçib. Xüsusən, ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının gücləndirilmiş peşəkar kadr özəyi yaradılıb. Ulu Öndər həmişə polis əməkdaşlarının əməyinə yüksək qiymət verib. Məhz Ümummilli Liderin 1998-ci il 24 may tarixli Fərmanı ilə iyulun 2-si Azərbaycan Polisi günü kimi qeyd olunur. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması polis işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
M.Məmmədov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən də bəhs edib. Azərbaycan daxili işlər orqanlarının əməkdaşlarının öz vətənpərvərliklərini, igidliklərini Vətən müharibəsində də nümayiş etdirdiklərini bildirib. Azərbaycan polisinin ötən ilin əvvəlindən dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə dönəmində də üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirdiyini diqqətə çatdırıb.
Tədbirdə iştirak edən rayon prokuroru Əli Qurbanov, rayon məhkəməsinin sədri Elşad Bayramov, Tərtər hərbi prokuroru Emin Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Polis Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Qeyis Qəhrəmanov, şəhid Abbasov Elvinin atası Şamil Abbasov və şəhid Mirzəli Rəşadın anası Afidə Mirzəyeva çıxış edərək, 104 illik tarixə malik Azərbaycan polisinin keşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildiriblər.
Tədbirdə xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərman, qiymətli hədiyyələr təqdim olunub və şəhid olmuş polislərin ailələrinə maddi yardım göstərilib. Tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı və 5 saylı körpələr evi-uşaq bağçasının yetirməsi Nur Babayevanın çıxışları ilə davam etdirilib.