AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TƏBRİK MƏKTUBU YELİSEY SARAYINDA FRANSA PREZİDENTİNİN MÜŞAVİRİNƏ TƏQDİM OLUNMUŞDUR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yaxın dostu, Fransa Respublikasının Prezidenti Jak Şirakın anadan olmasının 70 illiyi münasibətilə ona ünvanladığı təbrik məktubunu ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova noyabrın 28-də Yelisey sarayında prezidentin müşaviri Loran Biliyə təqdim etmişdir.
AZƏRTAC-ın Fransadakı müxbirinə verilən məlumata görə, görüş zamanı səfir Eleonora Hüseynova hər iki dövlətin başçılarının səmimi dostluq münasibətləri sayəsində Azərbaycan ilə Fransa arasında hərtərəfli əlaqələrin inkişaf etdiyini və dərinləşdiyini xüsusi vurğulamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində Prezident Jak Şirakın göstərdiyi səyləri yüksək dəyərləndirmişdir.
Təbrik məktubuna görə təşəkkürünü bildirən prezidentin müşaviri Fransa ilə Azərbaycan arasında dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etməsindən məmnun qaldığını bildirmişdir.
Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlərə də toxunulmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris