RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BAKI BEYNƏLXALQ VƏ ŞƏHƏRLƏRARASI AVTOVAĞZAL KOMPLEKSİNDƏ TİKİNTİ İŞLƏRİNİN GEDİŞİ İLƏ TANIŞ OLMUŞDUR
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Bakı Beynəlxalq və şəhərlərarası avtovağzal kompleksində aparılan tikinti işləri ilə tanış olmuşdur.
Dövlətimizin başçısı Bakı-Sumqayıt yolunun üzərində inşa edilən avtovağzalın yerləşdiyi əraziyə gəldi, kompleksin baş planına və maketinə baxdı. Prezidentə məlumat verildi ki, kompleksin inşasına 2004-cü ilin mayından başlanmışdır. Tikinti üçün 3,7 hektar sahə ayrılmışdır. Sifarişçi Nəqliyyat Nazirliyi, baş podratçı isə “Bakı XXI əsr” şirkətidir. MDB məkanında analoqu olmayan bu avtovağzal kompleksi respublikanın rayonlarına və xarici ölkələrə sərnişin daşınmasını təmin etmək üçün nəzərdə tutulmuşdur. Burada gün ərzində 18-20 min sərnişinə xidmət etmək, 800-950 avtobusu yola salmaq və qəbul etmək mümkün olacaqdır.
Əraziyə baxdıqdan sonra dövlətimizin başçısı kompleksin ayrı-ayrı mərtəbələrini gəzdi. Bildirildi ki, kompleksdə 1100 yerlik yeraltı avtomobil dayanacağı, ticarət köşkləri, sərnişin avtobuslarının dayanması üçün meydançalar, müxtəlif xidmət otaqları olacaqdır. Kompleksdə ümumi istilik və ventilyasiya sistemi, videomüşahidə, siqnalizasiya sistemi, işıqlandırma, lift və eskalatorlar proqramlaşdırılaraq bir məntəqədən idarə olunacaqdır. Ümumi sahəsi 164 min kvadratmetr olan kompleksə ibadət otağı, ana və uşaq üçün otaq, poçt, teleqraf, bank, VİP otağı, gözləmə salonu, yeməkxana da daxildir.
Ümumiyyətlə, kompleksdə əsas işlərin 70 faizi görülmüşdür. 96 yerlik beşmərtəbəli 3 ulduzlu mehmanxanada tamamlanma işləri gedir. MDB məkanında ilk dəfə olaraq, burada şüşədən asma tavan quraşdırılacaqdır. Ətraf ərazidə böyük istirahət zonası yaradılacaqdır. Havalandırma sistemi və kompozit panel örtüklər Almaniyadan, lift və eskalatorlar Yaponiyadan, nəhəng şüşə asma tavan Birləşmiş Ərəb Əmirliklərindən, mərmər isə İrandan gətirilmişdir. Obyektdə 450-dək işçi çalışır, orta aylıq əmək haqqı 350-400 manatdır. Kompleks istismara veriləndən sonra burada ümumilikdə 2500-3000 yeni iş yeri açılacaqdır. Avtovağzalın gələn ilin birinci rübündə istifadəyə verilməsi planlaşdırılır.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə aparılması və vaxtında başa çatdırılması barədə tapşırıq və tövsiyələrini verdi.