SİYASƏT
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Pirallahı rayonunun yaradılması haqqında Fərman imzalamışdır
Bakı, 18 yanvar (AZƏRTAC). Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalamışdır.
AZƏRTAC xəbər verir ki, “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Qanunun icrasını təmin etmək məqsədi ilə imzalanan Fərmanda bildirilir ki, Azərbaycan Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nın “Bakı şəhəri Xəzər, Qaradağ, Sabunçu, Suraxanı və Binəqədi rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” hissəsinin adında “Suraxanı” sözündən sonra “, Pirallahı” sözü əlavə edilsin.
Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”na uyğun olaraq təmin edilməsi üçün zəruri maliyyə vəsaiti ayrılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin. Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətini bina ilə təmin etsin, üç ay müddətində Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Prezidentinə təqdim etsin, üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə dövlət başçısına məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin, bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycanın Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılmışdır.