RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BƏSTƏKAR, XALQ ARTİSTİ VASİF ADIGÖZƏLOVA “İSTİQLAL” ORDENİNİ TƏQDİM ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Prezident sarayında Bəstəkarlar İttifaqı İdarə heyətinin birinci katibi, görkəmli bəstəkar, xalq artisti Vasif Adıgözəlova yüksək dövlət mükafatı - “İstiqlal” ordenini təqdim etmişdir.
Dövlətimizin başçısı İlham Əliyev bəstəkara müraciətlə dedi ki, təxminən bir il idi mən sizi “İstiqlal” ordeni ilə təltif etmişəm. İndi isə istəyirəm bunu təqdim edim.
Vasif Adıgözəlov Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirərək dedi:
- Cənab Prezident, yaxın günlərdə 71 yaşım tamam olacaqdır. Mənim bütün nailiyyətlərim rəhmətlik ulu öndərimizin adı ilə bağlıdır. 1973-cü ildə mənə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adı, sonra Dövlət mükafatı, daha sonra “Xalq artisti” kimi yüksək ad vermişdir. Bütün bunların hamısı onun adı ilə bağlıdır. Bu gün mən yeganə bəstəkaram ki, - təvazökarlıqdan bir az kənara çıxıram, - həm “Şöhrət” ordenim, həm də “İstiqlal” ordenim var.
Siz mənə respublikanın ən yüksək mükafatı olan “İstiqlal” ordenini verdiniz. Yəni, Heydər Əliyevin işləri davam edir, özü də Sizin fəaliyyətinizlə uğurla davam etdirilir. Bu, bizim üçün, ziyalılar üçün ən vacib məsələdir.
Müstəqillik illərində bizim mədəniyyətimizə, musiqimizə qayğıkeş münasibət Heydər Əliyev 1993-cü ildə yenidən rəhbərliyə gəldikdən sonra başladı. Yoxsa, əmr etmişdilər, ittifaqları bağlayırdılar. Gəldilər bizi oradan çıxardılar. Amma Heydər Əliyevin qayıdışından sonra Bəstəkarlar İttifaqı fəaliyyətini davam etdirdi. İndi 24 bəstəkar Prezident təqaüdü alır. Xalq artistlərinin hamısının “Şöhrət” ordeni var. Hər nə lazımsa, edilir. Son illərdə mənzillərlə də təmin olunurlar. Sizə minnətdaram, mənə də mənzil vermisiniz. Bir daha Sizə minnətdarlığımı bildirirəm.
İLHAM ƏLİYEV: Vasif müəllim, sağ olun. Mən də sizi bir daha təbrik edirəm.
Siz qeyd etdiyiniz kimi, mədəniyyət xadimlərinə diqqət həmişə yüksək səviyyədə olmuşdur. Bu, Heydər Əliyev siyasətidir və siz də bunu qeyd etdiniz. 1993-cü ildə o, Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra bu ənənələr bərpa olundu. Çünki 1970-ci illərdə də bu var idi. Bilirsiniz, o vaxt çox çalışırdı ki, bizim sənət adamlarımız, mədəniyyət xadimlərimiz SSRİ-nin ən yüksək mükafatlarını alsınlar. Onlar eyni zamanda, Sovet İttifaqının ordenlərini və medallarını almışlar.
Sonra bir ara münasibət dəyişdi. Biz də bunun hamısını bilirik, ittifaqları bağlamaq istədilər. Ümumiyyətlə, hesab edirdilər ki, bu sahə Azərbaycan üçün vacib deyildir. Baxmayaraq ki, Azərbaycanı dünyada tanıdan, ilk növbədə, bizim musiqiçilərimiz, yazıçılarımız, şairlərimiz olmuşdur.
Bu gözəl ənənə bu gün də davam edir. Mən də çalışıram ki, fəxri adların verilməsində, Prezident təqaüdlərinin verilməsində həmişə öz köməyimi göstərim. Ümumiyyətlə, bəzən belə fikir səslənir ki, fəxri adlar lazım deyil, xalq özü müəyyən edir. Doğrudur, ən böyük qiyməti xalq verir. Ancaq dövlət də öz tərəfindən münasibətini, hörmətini bildirməlidir. Bu sahədə böyük nailiyyətlərə çatmış insanlar gərək həmişə qiymətləndirilsinlər. Sizin də fəaliyyətinizi həm Azərbaycan xalqı, həm də Azərbaycan dövləti çox yüksək qiymətləndirir. Siz bu böyük mükafata layiqsiniz. Mən də çox şadam ki, bu ordeni sizə təqdim edirəm.