RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ESTONİYANIN XARİCİ İŞLƏR NAZİRİ URMAS PAETİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Prezident sarayında Estoniyanın xarici işlər naziri Urmas Paetin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı bu səfərin ikitərəfli münasibətlərimizin inkişafına dair müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını bildirdi. O, siyasi və iqtisadi sahələrdə əlaqələrimizin daha da fəallaşdırılmasının zəruri olduğunu dedi. Prezident İlham Əliyev Estoniya nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin gələcək inkişafı istiqamətində mühüm addım olacağına ümid etdiyini bildirdi.
Urmas Paet Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu söylədi və səfərinin səmərəli olacağına əminliyini bildirdi. Nazir Estoniya ilə Azərbaycan arasında siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu, bununla yanaşı bu sahədə əlaqələrimizin daha da intensivləşdirilməsinin vacibliyini qeyd etdi. Urmas Paet səfər zamanı onu estoniyalı iş adamlarının böyük bir qrupunun müşayiət etdiyini bildirdi, səfərinin məqsədinin müxtəlif sahələrdə əməkdaşlığımızın inkişafına töhfə vermək olduğunu vurğuladı.