RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÖRKƏMLİ QAZAX ŞAİRİ, ALİM VƏ İCTİMAİ-SİYASİ XADİM OLJAS SÜLEYMENOVU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Prezident sarayında görkəmli qazax şairi, alim və ictimai-siyasi xadim Oljas Süleymenovu qəbul etmişdir.
Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan və Qazaxıstan respublikaları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə Oljas Süleymenovu ölkəmizin yüksək mükafatı - “Şöhrət” ordeni ilə təltif etmişdir. Prezident İlham Əliyev ordeni Oljas Süleymenova təqdim edərək dedi ki, siz ölkəmizin ən ağır vaxtlarında Azərbaycan xalqının yanında olmusunuz, Azərbaycanın ərazi bütövlüyü məsələsində daim birmənalı mövqe nümayiş etdirmisiniz. Biz bunu unutmuruq və yüksək qiymətləndiririk. Azərbaycan xalqı sizi sevir, sizin yaradıcılığınız və vətəndaşlıq mövqeyiniz böyük hörmətə layiqdir.
Yüksək mükafata görə təşəkkürünü bildirən Oljas Süleymenov dedi ki, hər dəfə Azərbaycana gələndə sevinirəm, Azərbaycanın dinamik inkişafını görməyimdən çox məmnunam.
Sonra Oljas Süleymenov yenicə çapdan çıxmış kitabını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.