RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÖRKƏMLİ QAZAX ŞAİRİ, ALİM VƏ İCTİMAİ-SİYASİ XADİMİ OLJAS SÜLEYMENOVU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Prezident sarayında görkəmli qazax şairi, alim və ictimai-siyasi xadimi Oljas Süleymenovu qəbul etmişdir.
Azərbaycana səfərə gəlməsindən məmnunluğunu ifadə edən Oljas Süleymenov ölkəmizdə “Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” mövzusunda beynəlxalq konfransın böyük uğurla keçdiyini bildirərək dedi ki, belə tədbirlərin Azərbaycanda təşkil olunması böyük əhəmiyyət daşıyır. Oljas Süleymenov Prezident İlham Əliyevin Koreya Respublikasına uğurla keçən səfərini maraqla izlədiyini qeyd etdi.
Ölkəmizdə bir sıra mötəbər tədbirlərin keçirildiyini vurğulayan dövlətimizin başçısı indiki konfransda müxtəlif ölkələrin siyasət və dövlət adamlarının, o cümlədən görkəmli ictimai-siyasi xadim Oljas Süleymenovun iştirak etməsini bu tədbirin əhəmiyyətinin göstəricisi olduğunu bildirdi.