RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İÇƏRİŞƏHƏRDƏ SALINMIŞ BAĞLA VƏ FİLARMONİYANIN YANINDAKI BAĞDA GÖRÜLƏN YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ OLMUŞDUR
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da qədim İçərişəhərdə, Bakı Şəhər İcra Hakimiyyətinin binasının arxa tərəfində salınmış bağla, habelə Filarmoniyanın yanındakı bağda görülən yenidənqurma işləri ilə tanış olmuşdur.
İçərişəhərin orta əsrlərdə müdafiə məqsədi ilə tikilmiş qala divarlarının uzunluğu ilk vaxtlar 1500 metr olmuş, hazırda onun təxminən 500 metr hissəsi salamat qalmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın bu qədim guşəsində salınmış bağı seyr etdilər. Bağ şəhərin ətraf ərazisi ilə ümumi ansambl təşkil edir, buraya əlavə yaraşıq gətirir. Qədim İçərişəhərdə yeganə istirahət guşəsi olan bağda hərtərəfli şərait yaradılmışdır. Burada qədim və müasir memarlıq ənənələrinin üzvi şəkildə uzlaşdırılmasına xüsusi diqqət yetirilmişdir.
X X X
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Filarmoniyanın yanındakı bağa gəldilər. Dövlətimizin başçısına məlumat verildi ki, bağın ərazisinin 2 hektarında yenidənqurma tədbirləri başa çatdırılmışdır. Bura füsunkar görkəm almış, çoxlu yerli və xaricdən gətirilmiş ağac və bəzək kolları əkilmişdir. Bağın kənarındakı qala divarları da bərpa edilmişdir.
Qala divarlarında nəfis saat quraşdırılıb və o, peyk rabitəsi vasitəsilə işləyir. Gələn ilin Novruz bayramınadək bağda bütün işlər tamamlanacaqdır.
Prezident İlham Əliyev və xanımı bağda quraşdırılan nəfis fəvvarə kompleksinə də tamaşa etdilər.
İçərişəhərin qala divarları boyunca uzanan bu bağ paytaxt sakinlərinin və qonaqların sevimli istirahət guşələrindən olacaqdır. Bütün bunlar bir daha göstərir ki, dünyanın iqtisadi və maliyyə böhranı ilə üzləşdiyi bir vaxtda Azərbaycanda bütün iqtisadi layihələr ardıcıllıqla reallaşdırılır, abadlıq və yenidənqurma işləri səngimir.
Dövlətimizin başçısı bağda görülmüş yenidənqurma işlərindən razılığını bildirdi, əlavə tövsiyə və tapşırıqlarını verdi.
######