RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRANIN MÜDAFİƏ VƏ SİLAHLI QÜVVƏLƏRƏ DƏSTƏK NAZİRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Prezident sarayında İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi, iqtisadi, energetika və bütün başqa sahələrdə əməkdaşlığın inkişaf etdiyini, imzalanmış sənədlərin bu əlaqələri yeni səviyyəyə qaldırdığını bildirdi.
Cənab Mahmud Əhmədinejadla görüşlərini xatırlayan Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının may ayında Bakıda keçiriləcək toplantısında bir daha görüşəcəklərini vurğuladı, onun salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.
Nazir Mustafa Məhəmməd Nəccar İran Prezidentinin salamlarını və İƏT-in qarşıdakı zirvə toplantısına dəvətə görə təşəkkürünü Azərbaycan Prezidentinə çatdırdı.
İranda baş vermiş zəlzələ ilə əlaqədar göstərilən humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirən nazir təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün görülən işlər barədə məlumat verdi.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan-İran münasibətlərinin inkişafı üçün çox böyük işlər gördüyünü məmnunluqla xatırladan qonaq Prezident İlham Əliyevin bu xətti davam etdirməsinin təqdirəlayiq olduğunu bildirdi və dedi ki, İran dost və qonşu Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmiş, bundan sonra da dəstəkləyəcəkdir.