RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRANIN VİTSE-PREZİDENTİ, MİLLİ GƏNCLƏR TƏŞKİLATININ SƏDRİ HÖCCƏTÜLİSLAM ƏLİ ƏKBƏRİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Prezident sarayında İran İslam Respublikasının vitse-prezidenti, Milli Gənclər Təşkilatının sədri höccətülislam Əli Əkbərinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Azərbaycanla İran arasında bütün sahələrdə münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı və hər iki ölkənin gənclər siyasəti istiqamətində də əməkdaşlığın inkişafının zəruriliyini qeyd etdi. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, İran nümayəndə heyətinin ölkəmizdə keçiriləcək «Gənclər Sivilizasiyaların Alyansı uğrunda» Beynəlxalq təşəbbüs, nəsillərarası yüksək səviyyəli konfransda iştirakı tədbirə öz töhfəsini verəcəkdir. Prezident İlham Əliyev qarşılıqlı səfərlərin əlaqələrimizin daha da genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.
Höccətülislam Əli Əkbəri ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini bildirdi. Azərbaycanda səfərdə olmasından və Bakıda keçiriləcək konfransda iştirak etməsindən məmnunluğunu ifadə edən qonaq belə yüksək səviyyəli beynəlxalq tədbirlərin reallaşmasına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.