RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSGƏNDƏRİYYƏ KİTABXANASININ DİREKTORU, MİSİR PREZİDENTİNİN ELM VƏ TƏHSİL ÜZRƏ MÜŞAVİRİ İSMAYIL SERAGELDİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Prezident sarayında İsgəndəriyyə kitabxanasının direktoru, Misir Prezidentinin elm və təhsil üzrə müşaviri İsmayıl Serageldini qəbul etmişdir.
Azərbaycana səfərindən məmnunluğunu bildirən İsmayıl Serageldin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasından şərəf duyduğunu dedi. Qonaq ölkəsi ilə Azərbaycan arasında elm, təhsil sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinə İsgəndəriyyə kitabxanasının töhfə verməyə hazır olduğunu bildirdi.
Dövlətimizin başçısı ölkəmizin müvafiq strukturlarının dünya elminin inkişafına öz töhfəsini verən İsgəndəriyyə kitabxanası ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu əməkdaşlığın ölkələrimizin humanitar sahədə əlaqələrinin genişlənməsinə xidmət edəcəyinə əminliyini söylədi.