RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSRAİLİN MİLLİ İNFRASTRUKTUR NAZİRİ BENYAMİN BEN-ELİEZERİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Prezident sarayında İsrailin milli infrastruktur naziri Benyamin Ben-Eliezerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Cənab Benyamin Ben-Eliezer İsrail Prezidenti Moşe Katsavın və Baş nazir Ehud Olmertin salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, İsrail Prezidenti və Baş nazirinin Azərbaycan xalqına xoş arzularını da yetirdi.
Bakıda keçirilən XIII beynəlxalq Xəzər neft-qaz sərgi və konfransında iştirak etməsindən məmnun olduğunu bildirən qonaq Azərbaycandakı sürətli iqtisadi inkişafın İsraildə böyük maraqla izlənildiyini və bu sahədə ölkəmizdə çox böyük uğurlar əldə edildiyini vurğuladı. O, əmin olduğunu bildirdi ki, Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əlaqələr bundan sonra da davam etdiriləcəkdir.
Prezident İlham Əliyev Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində böyük inkişafa nail olunduğunu bildirdi. Bakıda keçirilən XIII beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini qeyd edən dövlətimizin başçısı müxtəlif ölkələrin, o cümlədən İsrailin nümayəndələrinin bu sərgi və konfransda iştirakından məmnunluğunu vurğuladı.
Salamlara görə minnətdarlığını bildirən Prezident İlham Əliyev onun da salamlarını İsrail Prezidenti Moşe Katsava və Baş nazir Ehud Olmertə çatdırmağı xahiş etdi.