RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KÜVEYT DÖVLƏTİNİN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Prezident sarayında Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fəhd Saad Səid əl-Meyin etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Fəhd Saad Səid əl-Mey etimadnaməsini - ölkəmizdə diplomatik fəaliyyətə başlaması barədə Küveyt Əmirinin məktubunu Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Prezident İlham Əliyev Fəhd Saad Səid əl-Mey ilə səmimi söhbət etdi, Küveytlə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə daxil olduğunu bildirdi. Dövlətimizin başçısı əvvəlcə Küveytdə Azərbaycan səfirliyinin açılmasının, indi isə ölkəmizdə Küveyt səfirliyinin fəaliyyətə başlamasının iki ölkə arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edən əməkdaşlığa yeni töhfələr verəcəyinə əminliyini bildirdi, bu işdə səfirə uğurlar arzuladı.
Fəhd Saad Səid əl-Mey etimadnaməsini qəbul etdiyinə görə təşəkkür etdi, Küveyt Dövləti Əmirinin və vəliəhdinin səmimi salamlarını Prezident İlham Əliyevə çatdırdı. Küveytin ilk səfiri kimi respublikamızda diplomatik fəaliyyətə başlamasından şərəf duyduğunu söyləyən səfir vurğuladı ki, Azərbaycan bizim üçün dost və qardaş ölkədir. O, ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.