RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MUSİQİ XADİMİ, “İPƏK YOLU” LAYİHƏSİNİN RƏHBƏRİ, ABŞ VİOLONÇELÇALANI YO YO MANI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Prezident sarayında musiqi xadimi, “İpək Yolu” layihəsinin rəhbəri, ABŞ violonçelçalanı Yo Yo Manı qəbul etmişdir.
Yo Yo Ma Azərbaycana səfərini çox böyük səbirsizliklə gözlədiyini və ölkəmizə gəlişindən dərin məmnunluq keçirdiyini bildirmişdir. O, Azərbaycan mədəniyyətinin bir sıra nümayəndələri ilə bundan öncə görüşdüyünü vurğulayaraq, ölkəmizdə son illər mədəniyyətin inkişafı sahəsində böyük işlər görüldüyünü qeyd etmişdir.
Dövlətimizin başçısı məşhur mədəniyyət xadimi Yo Yo Manın ölkəmizə gəlməsindən məmnunluğunu ifadə etmiş və bu cür səfərlərin Azərbaycan mədəniyyəti haqqında dünyada dolğun məlumatın yayılması işində əhəmiyyətini vurğulamışdır.