RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV POLŞANIN İQTİSADİYYAT NAZİRİ PYOTR VOZNYAKIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Prezident sarayında Polşanın iqtisadiyyat naziri Pyotr Voznyakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Polşaya rəsmi səfərini və o vaxt Varşava şəhərinin meri vəzifəsində çalışan Polşanın hazırkı Prezidenti ilə keçirdiyi görüşü məmnunluqla xatırladı. O, Polşanın iqtisadiyyat nazirinin səfərinin iki ölkə arasında iqtisadi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün əhəmiyyətli olduğunu bildirdi.
Pyotr Voznyak Polşa Prezidentinin salamlarını Azərbaycanın dövlət başçısına çatdırdı. Qonaq Bakıya səfərinin siyasi və iqtisadi baxımdan önəmini vurğuladı, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.
Prezident İlham Əliyev Polşa Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Polşanın dövlət başçısına çatdırmağı xahiş etdi.